ƏÜO-da buraxılış mərasimi keçirilib
Əlahiddə Ümumqoşun Orduda növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə sədaqətlə xidmət etməyi, hərbçi şərəfini hər zaman uca tutmağı və tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib. Onları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, gələcək xidmətlərində uğurlar diləyiblər.
Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.